Azərkosmosun İdarə Heyətinin sədr müavini və Münsiflər Heyətinin sədri Fuad Aslanov çıxış edərək ölkəmizdə kosmik maarifləndirmə və geoinformasiya sahəsinin inkişafında müsabiqənin rolunu vurğulayıb.
Tədbir çərçivəsində interaktiv formatda viktorina da keçirilib. İştirakçılar peyk təsvirləri, CİS texnologiyaları və məsafədən müşahidə mövzularında biliklərini sınayıblar. Ən yüksək nəticə göstərən beş iştirakçı “Esri ArcGIS Pro” platforması üçün 1 illik lisenziya ilə mükafatlandırılıb.
Münsiflər heyətinin üzvləri Coğrafi İnformasiya Sistemləri üzrə müstəqil ekspert, fəlsəfə doktoru, professor Rauf Əmənov və fəlsəfə doktoru Rüstəm Rüstəmov təqdim olunan işlərin elmi, texniki və tətbiqi dəyəri haqqında çıxışlar ediblər.
Bu ilki müsabiqənin yeniliklərindən biri də 5 müxtəlif nominasiya üzrə əlavə mükafatların təqdim edilməsi olub. Qaliblər aşağıdakılardır:
• Ən yaxşı ətraf mühitə təsirin qiymətləndirilməsi – Mehrin Əzizli
• Ən yaxşı rəqəmsal həll – Məleykə Paşayeva
• Ən yaxşı süni intellekt həlli – Ərtuğrul Qayıbov
• Ən yaxşı dəqiq əkinçilik layihəsi – Nahid Məmmədov
• Ən yaxşı xəritə dizaynı – Fidan Valehova
Hər bir nominasiya qalibi 500 AZN pul mükafatı və 1 illik “ArcGIS Pro” lisenziyası ilə təltif olunub.
Tədbirin ən həyəcanlı hissəsində isə əsas üç yer üzrə qaliblər elan edilib:
• III yer Fəqan Umarov “Torpaq Səthinin Müşahidə Sistemi” layihəsi
• II yer Fatma Elik (Türkiyə) “HydroAlert Azerbaijan: AI-Powered Flood Monitoring and Forecasting System”
• I yer Aysel Səlimova “Ağdam rayonunda torpağın orqanik karbonunun CİS və Məsafədən Müşahidə metodları əsasında proqnozlaşdırılması”
Qaliblər diplom və xüsusi mükafatlarla təltif olunublar.
Qaliblər arasında Türkiyə vətəndaşının da yer alması artıq müsabiqənin təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də qəbul olunduğunu göstərir. Bu fakt Azərkosmosun təşəbbüsünün regional miqyasda maraq yaratdığını və peyk məlumatları üzrə elmi-texniki əməkdaşlığın genişləndiyini təsdiqləyir.
Azərkosmos müsabiqəyə qatılan iştirakçılara təşəkkür edir, gələcək layihələrində uğurlar arzulayır və ölkədə geoinformasiya texnologiyalarının inkişafı istiqamətində bu kimi təşəbbüslərin davamlı olacağını bildirir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


